CƏMİYYƏT
Gənclər təşkilatlarının beynəlxalq inteqrasiyası və təmsilçilik imkanlarının təkmilləşdirilməsi layihəsi uğurla yekunlaşıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Gənclər Fondunun dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Şamaxıda 30 gənclər təşkilatının 70 nümayəndəsinin iştirakı ilə “Gənclər təşkilatlarının beynəlxalq inteqrasiyası və təmsilçilik imkanları 3.0” layihəsi çərçivəsində tədbir keçirilib.
Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi gənclər təşkilatlarının nümayəndələrinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarını artırmaq, beynəlxalq inteqrasiya və təmsilçiliklə bağlı bilik və təcrübələrini təkmilləşdirmək, gənclərin beynəlxalq tədbirlərdə səmərəli təmsilçiliyi üçün gənclər qurumları ilə birlikdə xüsusi təlimat kitabçasını formalaşdırmaqdır.
Layihənin açılış günündə tədbir iştirakçıları tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub, dövlətimizin suverenliyi uğrunda canlarından keçmiş vətən övladlarının əziz xatirəsi ehtiramla anılıb. Ümummilli lider Heydər Əliyevin Şamaxının mərkəzində ucaldılan abidəsi ziyarət edilib və önünə gül dəstələri qoyulub.
Açılış tədbirində çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlardan danışıblar.
Sonra tədbir “Beynəlxalq təmsilçilikdə etik kodeks” layihəsi ətrafında müzakirələrlə davam edib. Qeyd edək ki, gənclər təşkilatları tərəfindən “Beynəlxalq təmsilçilikdə etik kodeks”in ilkin layihəsi hazırlanıb, sənədin yekun nümunəsinin hazırlanması Gənclər Təşkilatları Milli Şurası yanında yaradılan, əsasən beynəlxalq platformalı təşkilatlardan ibarət İşçi Qrupuna həvalə olunub.
Tədbirdə təlimçi “Xarici ölkələrdə gənclərin uğurlu təmsilçiliyi və əmək bazarında karyera yüksəlişi” mövzusunda təlim keçirilib. Sonra sabiq səfir Həsən Həsənov ilə “Beynəlxalq təşkilatlarda fəaliyyətin gənclər üçün əhəmiyyəti və gələcək perspektivlər” mövzusunda görüş olub. Tədbirin ikinci gününə Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun iştirakı ilə keçirilən panel iclasla yekun vurulub.
Tədbirin sonuncu günündə gənclər təşkilatlarının nümayəndələri Milli Məclisin deputatı Ramin Məmmədovun təqdimatında “Beynəlxalq təmsilçilik zamanı düzgün kommunikasiya və inandırma üsulları” mövzusunda infosessiyada, layihələrin yazılması üzrə ekspert Ramiz Əliyevin “Beynəlxalq donorlara layihə təkliflərinin hazırlanması” vörkşopunda iştirak ediblər.