CƏMİYYƏT


Gənclər təşkilatlarının fəaliyyəti ilə bağlı onlayn konfrans keçirilib

Bakı, 12 may, AZƏRTAC

Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərliyi ilə "Könüllülər ili" çərçivəsində görüləcək işlərlə bağlı onlayn konfrans keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konfransda parlamentin Sədr müavini Adil Əliyevlə yanaşı, deputatlar Kamal Cəfərov, Elnur Allahverdiyev, Könül Nurullayeva, Şahin İsmayılov, Şahin Seyidzadə və Ramin Məmmədov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, habelə Milli Məclis Aparatının əməkdaşları iştirak ediblər.

İclası açan Adil Əliyev bildirib ki, koronavirus pandemiyası bütün dünyanı iflic etsə də, dövlətimizin başçısının səyləri ilə xəstəliyin Azərbaycanda yarada biləcəyi fəsadlar minimuma endirilib. O, ölkəmizdə tibbi maska istehsal edən müəssisə və mobil xəstəxanaların açılmasına diqqət çəkərək Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanın pandemiyaya qarşı apardığı mübarizə təcrübəsinin digər ölkələrə də tövsiyə etməsi faktını xüsusi vurğulayıb.

Sədr müavini gənclər və könüllü siyasətinin daim dövlətin diqqət mərkəzində olduğunu, könüllülərdən istifadə edilməsinin vacibliyini qeyd edib, post pandemiya dövründə könüllülər və gənclərlə bağlı görüləcək işlər barədə fikirlərini bölüşüb.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, Regional İnkişaf İctimai Birliyinin, “Bir” tələbə könüllü proqramının, Tələbə Gənclər Təşkilatı İttifaqının, ASAN könüllülərinin, Miqrasiya könüllülərinin, Aqrar könüllülərinin, Elsanın, Avropa Gənclər Parlamentinin, Böyük İpək Yolunun, Gənc Müəllimlər Assosiasiyasının, Gənclər Təşkilatı Milli Şurasının rəhbərləri təmsil etdikləri qurumların gördükləri işlər barədə məlumat veriblər.

"Könüllülər ili" çərçivəsində görüləcək işlər barədə aparılan müzakirələrin sonunda bu sahədə görülən işlərin genişləndirilməsi məqsədilə Bəyannamə qəbul edilib. Bəyannamədə Azərbaycan Prezidentinin 2019-cu il 30 dekabr tarixli Sərəncamında nəzərdə tutulmuş tövsiyələrə uyğun gənclərin potensialının düzgün dəyərləndirilməsinin vacibliyi qeyd edilib. Sənəddə könüllülərin koronavirus pandemiyasına qarşı mübarizədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına cavab olaraq, tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkməsi və onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərilməsi ilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanmasının zəruriliyi qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.