CƏMİYYƏT
Gənclər təşkilatlarının təklif və iradları dinlənilib
Bakı, 22 fevral, AZƏRTAC
Gənclər və İdman Nazirliyi fevral ayından başlayaraq gənclər təşkilatları ilə silsilə görüşlərə start verib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərin keçirilməsində əsas məqsəd gənclər təşkilatları ilə işin gücləndirilməsi, eyni zamanda, onların nazirliklə əməkdaşlığının genişləndirilməsi və təşkilatlara dövlət dəstəyinin artırlmasıdır.
Növbəti belə tədbirdə nazir müavini İntiqam Babayev 17 gənclər təşkilatının rəhbərləri ilə görüşüb. Tədbirdə gənclər təşkilatlarının fəaliyyəti ilə bağlı görülən işlərə dair hesabat, təklif və iradlar dinlənilib, suallar cavablandırılıb.
Görüşdə Azərbaycan Maarifçi Gənclər Təşkilatı, “Avropa Gənclər Parlamenti–Azərbaycan”, “Bakı Gənclər Klubu”, “Bizim Gənclik”, “Gənc Sahibkarlar Klubu”, “Gənclər üçün Təhsil Mərkəzi”, “Gələcəyə Körpü”, “İnternat Məzunlarının Sosial İnteqrasiyası”, “İslahatçı Gənclər”, “İşıqlı Gələcək”, “Odlar Yurdu”, “Region Gənclərinin İnkişafına Töhfə”, “Saf Həyat Naminə”, “Sağlam Düşüncə”, “Sağlam Gəncliyə Doğru”, “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi və “Tənhalara Dayaq” İctimai birliklərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə gənclər təşkilatlarını narahat edən bir sıra məsələlər - azad edilmiş ərazilərin bərpası prosesində gənclər təşkilatlarının iştirakı, şəhid və qazi ailələrinin övladları ilə iş, şəhidlərin keçdikləri həyat rolu barədə film və qısa videoların hazırlanması, Dövlət proqramlarının hazırlanması və icrasında gənclər təşkilatlarının rolunun artırılması, təşkilatların birgə əməkdaşlığı, sağlam həyat tərzinin təbliği və narkomaniyaya qarşı mübarizə, regionlarda gənclər təşkilatlarının fəaliyyətinin genişləndirilməsi, erkən nikahların qarşısının alınmasında maarifləndirmə işinin aparılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında sosial media platformalarından daha fəal istifadənin təşviq edilməsi, gənclər təşkilatlarında könüllülük fəaliyyəti, beynəlxalq əməkdaşlıq və s. barədə müzakirələr aparılıb.
Növbəti görüşün beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən gənclər təşkilatları ilə keçirilməsi nəzərdə tutulub.