CƏMİYYƏT
Gənclər təşkilatlarının və idman ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
Bakı, 15 iyun, AZƏRTAC
15 iyun – Milli Qurtuluş Günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kollektivləri, ölkəmizin aparıcı gənclər təşkilatlarının və idman ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Gənc müstəqil Azərbaycan dövlətinin ağır sınaqlar qarşısında qaldığı bir dövrdə xalqın tələbi ilə 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizi parçalanmaqdan, müstəqilliyin itirilməsi təhlükəsindən xilas etdi. Məhz dahi şəxsiyyətin xilaskar missiyası sayəsində Azərbaycan bütün çətinlikləri qısa müddətdə arxada qoyaraq, sürətlə inkişaf etməyə başladı.
Çoxşaxəli fəaliyyətində daim gənclərimizə yüksək etimad göstərən Ümummilli Liderimiz onların inkişafı və yaxşı təhsil almalarına xüsusi diqqət yetirib. Məhz bu diqqət və qayğının nəticəsidir ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından qısa müddət sonra Gənclər və İdman Nazirliyi təsis olundu, Azərbaycan gənclərinin I Forumu keçirildi, 2 fevral – Azərbaycan Gəncləri Günü elan edildi. Müstəqil Azərbaycanda idmanın inkişafı da dahi şəxsiyyətin adı ilə bağlıdır. Təsadüfi deyil ki, əbədiyaşar liderin respublikamızda idmanın inkişafına hərtərəfli qayğısı sayəsində Azərbaycan qısa müddətdə dünyada idman ölkəsi kimi tanınmağa başladı.
Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin gənclər və idman sahələrində diqqət və qayğı siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısının ali diqqət və qayğısı sayəsində bu gün mütəşəkkil qüvvə kimi formalaşan Azərbaycan gəncliyi ölkəmizin dinamik inkişafında fəal rol oynamaqla yanaşı, beynəlxalq arenada qazandıqları nailiyyətlərlə Azərbaycan həqiqətlərinin təbliği işinə mühüm töhfələr verirlər.