CƏMİYYƏT
Gənclər üçün “BoooLiqa” milli oyun platforması yaradılıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəfdaşlığı ilə “BoooLiqa” milli oyun platforması yaradılıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 21-də start verilən ilk layihə ilə gənclərin diqqətini cəlb edən platformaya 24 saat ərzində iştirak üçün 200-dən çox gənc müraciət edib.
Layihədə iştirak üçün qeydiyyat prosesi oktyabrın 5-dək davam edəcək. Daha sonra müsahibə mərhələsi ilə seçiləcək 128 gənc növbəti tura keçəcək. Layihə qrup mərhələləri, play-off və final mərhələsi olmaqla 4 ay davam edəcək. Bu müddətdə iştirakçılar peşəkar heyət qarşısında çıxış edəcəklər. Sonda qaliblər mükafatlandırılacaq.
Bu gün dünyada bir çox fərdi inkişaf yolları olsa da, tədqiqatçıların fikrincə, ən effektiv yol oyun oynamaqdır. Oyun nəzəriyyəsi 25 əsr əvvəl insanların vaxt keçirmək üçün yaratdığı mexanizmdir. İyirminci əsrin ortalarında psixologiya, biologiya və ekologiya kimi bir çox elm sahələri oyunları araşdırmağa başlayıb. Nəticədə məlum olub ki, oyun oynamaq uşaqların bacarıqlarını inkişaf etdirir, onları yetkin yaşa hazırlayır, analitik düşünmə və xəyal qurma qabiliyyətlərini inkişaf etdirir.
“BoooLiqa” milli oyun platforması isə oyunlar təşkil etməklə yanaşı, gənclər üçün lazımi baza məlumatlarını qeyri-ənənəvi üsulla özündə toplayır. Beləliklə, gənclər öz inkişaflarını izləyə və bundan zövq ala bilərlər. Platformanın ilk layihəsi olan virtual natiqlik çempionatı da məhz bu istiqamətdə gəncləri özünə cəlb etməyi bacarıb.
Milli oyun platforması yaxın zamanlarda yeni layihələri ilə öz fəaliyyətini davam etdirməyi planlaşdırır. Sonda tədbir iştirakçıları sertifikatla və müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılacaq.