İQTİSADİYYAT
“Gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri və Maliyyə Akademiyası” mövzusunda təlim proqramına yekun vurulub
Bakı, 22 may, AZƏRTAC
ADA Universitetində “Gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri və Maliyyə Akademiyası” mövzusunda təlim proqramı yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə ADA Universitetinin icraçı prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tələbələr arasında təbliği, onların bu sahədə baxışlarının formalaşdırılması üçün təlimin keçirilməsinin əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov ölkəmizin BMT-yə üzv olduğu tarixdən etibarən təşkilatla əməkdaşlığın uğurla davam etdiyini, bu müddət ərzində BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə bir sıra layihələrin icra olunduğunu diqqətə çatdırıb. Hazırda ölkəmizdə DİM-lərə investisiyanın cəlb edilməsinə dair DİM İnvestisiya Xəritəsi layihəsi hazırlanır. Bu layihə çərçivəsində 2023-cü ilin noyabr ayında Bakıda DİM-lərin həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın gücləndirilməsi üçün BMT-nin İnkişaf Proqramı ilə birgə “Dayanıqlı İnkişafa dair ikinci Bakı Forumu”nun keçiriləcəyi nəzərdə tutulur. Şöbə müdiri DİM-lərin icrasında maarifləndirmənin əhəmiyyətini vurğulayıb, keçirilən təlim proqramının bu xüsusda vacibliyini qeyd edib.
BMT-nin İnkişaf Proqramının ölkə üzrə rezident nümayəndəsi Nuno Queiros DİM-in Azərbaycanda icrası istiqamətində təmsil etdiyi qurumun Azərbaycan Hökuməti ilə səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edib, həyata keçirilən layihələrin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin” Azərbaycanda səmərəli icrası baxımından əhəmiyyətini vurğulayıb.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, BMT-nin Əhali Fondunun Ölkə üzrə Nümayəndəliyinin rəhbəri Fərid Babayev dayanıqlı inkişafın təmin olunmasında keyfiyyətli təhsilin rolu, gənclərin qlobal məqsədlərin uğurlu icrası istiqamətində yetərli bilik və bacarıqlara yiyələnməsi, qlobal siyasi müzakirələrin həllində fəal rol almalarının önəmindən danışıblar.
İnteraktiv sessiyalarla davam edən tədbirdə müvafiq dövlət orqanları və BMT-nin İnkişaf Proqramının nümayəndələrinin moderatorluğu və ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə təlimə cəlb edilmiş tələbələr tərəfindən hazırlanan “Sağlamlıq və rifah üçün səhiyyə sistemi”, “Keyfiyyətli və ömür boyu təhsilə nail olmaq istiqamətində sosial dialoqun təşkili və maliyyənin təmini” və “Kənd təsərrüfatı texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu” layihələri müzakirə edilib.
Sonda tələbələrə sertifikatlar təqdim olunub.