İQTİSADİYYAT
“Gənclər üçün Elektron Hökumət” müsabiqəsinin mükafat fondu elan edilib
Bakı, 14 dekabr, AZƏRTAC
“Gənclər üçün Elektron Hökumət” müsabiqəsinin mükafat fondu elan edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Gənclər arasında “Elektron hökumət” həllərindən istifadənin təşviq edilməsi və “Elektron hökumət” üzrə gənclərin maarifləndirilməsi məqsədilə keçirilən müsabiqənin mükafat fondu elan edilib. Müsabiqə www.e-gov.az - “Elektron hökumət” portalını gənclərin geniş auditoriyasına tanıtmağa və gənclərin “Elektron hökumət” həllərindən istifadə imkanlarını genişləndirməyə şərait yaradır.
“Elektron hökumət”in təbliği üzrə ən yaxşı hüquqi şəxs”, eləcə də “Region gəncləri arasında “Elektron hökumət” həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat” nominasiyaları üzrə qaliblər 6 ay müddəti üçün pulsuz internet xidmətindən istifadə imkanı qazanacaq.
“Elektron hökumət”in təbliği üzrə ən yaxşı fərdi şəxs” və “Dövlət xidmətlərinin elektronlaşdırılması və www.e-gov.az – “Elektron hökumət” portalının inkişafı üzrə ən yaxşı təklif” nominasiyalarının qalibləri isə 500 manat pul mükafatına layiq görüləcəklər.
Müsabiqə qaliblərinə digər hədiyyələr, sertifikat və rəmzi mükafatlar təqdim olunacaq. Sənədlərin qəbulu dekabrın 20-nədək davam edəcək. İştirak üçün https://docs.google.com/forms/d/e/1FAIpQLSdmWWD3ubvy7hW2-0Of01FWUBfpja1JZ0S3kXkPBIkMCxSv4w/viewform linkində qeydiyyatdan keçmək olar.
Müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və bir sıra aparıcı gənclər təşkilatları tərəfindən dəstəklənir. Müsabiqə Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir, qaliblər dekabrın 26-da keçiriləcək “Gənclər üçün Elektron Hökumət” konfransında elan ediləcək.
Daha ətraflı məlumatı https://drive.google.com/file/d/18NsO4JSmEMphWA2bs2bpHnpjPCZk4Mmq/view keçidindən əldə etmək mümkündür.