CƏMİYYƏT


Gənclər üçün Təhsil Mərkəzinin ötənilki fəaliyyətinin yekunları müzakirə olunub

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 7-də Gənclər üçün Təhsil Mərkəzi (GTM) ötənilki fəaliyyətinin yekunlarına dair illik hesabatını təqdim edib.

GTM-dən AZƏRTAC-a bildiriblər ki, Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə rəhbərlik etdiyi qurumun ötən illərdə olduğu kimi, 2018-ci ildə də fəaliyyətini əlaqələndirmək məqsədilə Bakı, Gəncə, Mingəçevir, Şirvan, Qarabağ (Ağcabədi) və Quba regional ofislərinin imkanlarından istifadə etdiyini diqqətə çatdırıb. Mərkəzin əhatə dairəsini genişləndirmək məqsədilə Sumqayıt, Şəmkir, Ucar, Oğuz, Şabran və Lənkəranda da müvəqqəti nümayəndəliklər yaratdığı vurğulanıb.

Məlumat verilib ki, Mərkəz ötən il əsasən “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritet istiqamətlərinə uyğun olaraq, ümumi sayı 28 böyük və 118 kiçik miqyaslı layihə həyata keçirib. Bu layihələrin maliyyələşdirilməsində həm dövlət, həm də özəl təşkilatlarla əməkdaşlıq aparılıb. Azərbaycanın 30-dan çox şəhər və rayonunda həyata keçirilən layihələr 12 mindən çox insanı əhatə edib.

Mərkəzin rəhbəri gənclərin rəqabətə davamlılığını təmin etmək və onların beynəlxalq aləmdə Azərbaycanın maraqlarını müdafiə etməsinə şərait yaratmaq məqsədilə beynəlxalq əməkdaşlığa üstünlük verildiyini də qeyd edib. Bildirib ki, Avropa Gənclər Klubları Konfederasiyasının tamhüquqlu üzvü olan GTM vasitəsilə 50-dək gənc müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. Avropa İttifaqının “Erasmus+ proqramı çərçivəsində də çoxlu sayda gənc müxtəlif təlim, konfrans və forumlarda iştirak edib. Ötən il Mərkəzin rəhbərliyi Avstriya Təhsil Nazirliyi yanında Təhsildə Bərabərlik Koalisiyasının idarə heyətində təmsil olunub.

F.Həsənzadə region gənclərinin məşğulluğunun artırılması, gənclər arasında peşə təhsilinin stimullaşdırılması məqsədilə regionlarda Peşə Təhsili üzrə Regional Məsləhət Xidmətinin, eləcə də Karyera Planlama Xidmətinin fəaliyyət göstərdiyini, Quba rayonunda gənclər üçün Biznes Planlama Xidmətinin yaradıldığını da diqqətə çatdırıb. O, Füzüli rayonunda gənc xanımların peşə bacarıqlarının artırılması üçün bərbər və dərzi kurslarının, Ağcabədi rayonunda aztəminatlı ailələrin qız övladları üçün tikiş və toxuculuq kursunun davam etdiyini vurğulayıb.

Hesabat məruzəsinin dinlənilməsindən sonra F.Həsənzadə sualları cavablandırıb, cari ildə həyata keçiriləcək bir sıra yerli və beynəlxalq layihələr barədə məlumat verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.