ELM VƏ TƏHSİL
“Gənclər üçün akademik Əli Quliyev mükafatı” müsabiqəsinə sənəd qəbulu davam edir
Bakı, 22 may, AZƏRTAC
AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun yaradılmasının 55 illiyi münasibətilə elmi müəssisə tərəfindən keçirilən “Gənclər üçün akademik Əli Quliyev mükafatı” müsabiqəsinə sənəd qəbulu davam edir.
İnstitutdan AZƏRTAC-a bildirib ki, müsabiqəyə sənədlər mayın 31-dək onlayn rejimdə qəbul olunur.
Müsabiqədə elmi müəssisədə çalışan və yüksək elmi nəticə göstərən gənc alimlər iştirak edə bilər. Namizədlərin seçimi bir neçə meyar əsasında aparılacaq. Meyarlara namizədlərin əldə etdiyi nəticələrin elmi və praktik əhəmiyyəti, nüfuzlu xarici (impakt faktoru yüksək olan) jurnalda dərc olunan məqalələri, xarici ölkələrdə beynəlxalq konfranslarda məruzə etməsi, patent alması, elmi əsərlərinə olan istinadlar daxildir.
Ekspert Komissiyasının yekun rəyi əsasında I, II və III yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq. Karantin rejimi uzadılarsa, qaliblərin təqdimatı “Zoom” platforması üzərindən onlayn rejimdə keçiriləcək.