CƏMİYYƏT


Gənclər üçün milli təlim kursu keçirilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Avropa Şurasının Gənclər Departamentinin dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə “SALTO” gənclər portalının və Avropa Şurasının sertifikatlaşdırılmış təlimçiləri tərəfindən “Gənc təlimçilər və multiplayerlər üçün insan hüquqları təhsili üzrə “Milli təlim kursu” layihəsi həyata keçirilib.

NAYORA-dan AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi gənc təlimçilərin bacarıqlarını inkişaf etdirmək, iştirakçılara qeyri-formal təhsilin dəyərini anlamağa kömək göstərmək və azərbaycanlı gənc təlimçilər şəbəkəsini yaratmaqdır.

“Milli təlim kursu”nun birinci günündə açılış mərasimi keçirilib. Daha sonra iştirakçılara təlim kursu haqqında ümumi məlumat verilib, insan hüquqları anlayışı mövzusunda təlimlər təşkil olunub. İştirakçılar Prezident İlham Əliyevin yürütdüyü dövlət gənclər siyasətinin mahiyyəti və gənclərə yaratdığı imkanlar barədə geniş məlumatlandırılıblar. Müzakirələrdə peşəkar gənc azərbaycanlı təlimçilər şəbəkəsinin genişləndirilməsinin zəruriliyi də qeyd olunub.

Növbəti günlərdə layihə çərçivəsində “Gənclər siyasəti və gənclərlə iş üçün əsas yanaşma olaraq insan hüquqları siyasətinə giriş”, “Gənclərin iştirakçılığı”, “Kompas fəaliyyətlərinin yerli kontekstə uyğunlaşdırılması” mövzuları ətrafında təlimlər keçirilib və müzakirələr aparılıb.

Təlim kursunun sonuncu günündə növbəti fəaliyyətlərin hazırlanması, həmçinin davamlılığın qorunması (follow-up) və inkişaf etdirilməsi üçün qrup işləri baş tutub və təqdimatlar hazırlanıb.

Layihənin bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.