CƏMİYYƏT
Gənclər və İdman Nazirliyi ilə Respublika Veteranlar Təşkilatının əməkdaşlığı gənclər siyasətinin və veteran hərəkatının inkişafına töhfə verir
Bakı, 23 fevral, AZƏRTAC
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşlığı gənclər siyasətinin və veteran hərəkatının inkişafına töhfə verir.
AZƏRTAC xəbər verir ki, bu fikir fevralın 23-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova ilə gənclər və idman nazirinin müavini İntiqam Babayev arasında keçirilən görüşdə səsləndirilib.
Görüşdə Fatma Səttarova rəhbərlik etdiyi qurumun ölkəmizin ictimai həyatında xüsusi yeri və rolu olduğunu qeyd edib. O, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də veteranların sosial təminatının yaxşılaşdırılması, onlara hüquqi yardımların göstərilməsi və bu kimi məsələlərdə təşkilatın gördüyü işlər haqqında məlumat verib. Sədr İkinci Dünya müharibəsi, Qarabağ və 44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanların, Silahlı Qüvvələr, əmək veteranlarının həyat və fəaliyyətlərinin gənclərə daim nümunə olduğunu, Vətən və xalq yolunda canından, sağlamlığından keçən şəxslərin tanıdılması yönündə Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətindən danışıb.
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov yaşadığımız mürəkkəb zamanda erməni separatçılarının timsalında faşizm kimi mənfur ideologiyanın məğlub edilməsini regionda və dünyada sülhün, əmin-amanlığın qorunmasına verdiyimiz töhfə kimi qiymətləndirib. O, gənclərə və veteranlara göstərilən diqqət və qayğını Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun göstəricisi olduğunu vurğulayıb. Gənclər və İdman Nazirliyi ilə Respublika Veteranlar Təşkilatının qarşılıqlı əməkdaşlığının ölkəmizdə gənclər siyasətinə və veteran hərəkatına töhfələr verdiyini bildirib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclər siyasətinin dünyada nümunə təşkil etdiyini bildirib. Dövlətimizin başçısının bu sahəyə ayırdığı diqqət və qayğısının gündən-günə daha da artığını qeyd edən İ.Babayev diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində gənclər və veteranlar həm ön, həm də arxa cəbhədə fədakarlıq göstəriblər. Hər bir Azərbaycan gənci Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək “dəmir yumruğ”un gücünə güc qatıb. Vətənpərvərliyi, həmrəyliyi, qəhrəmanlığı veteranlardan əmanət alan gənclərimiz hər zaman vətənimiz Azərbaycan və onun xalqının təəssübkeşi, dayağı olacaq.
Diqqətə çatdırılıb ki, Respublika Veteranlar Təşkilatı ilə Gənclər və İdman Nazirliyinin səmərəli əməkdaşlığı hər zaman davam edəcək. Bu əməkdaşlıq respublikamızın çiçəklənməsinə öz töhfəsini verəcək.
Görüşdə gənclərin və veteranların bir sıra layihələrdə birlikdə iştirakı, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və perspektivləri müzakirə edilib. Dünyada və ölkəmizdə pandemiya şəraiti nəzərə alınmaqla gündəlikdə duran bəzi məsələlərin vacibliyi vurğulanıb.