CƏMİYYƏT
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şurasının iclası keçirilib
Bakı, 1 fevral, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycanda bu gün 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Ölkə həyatının bütün sahələrində gənclər təşkilatlarının fəallığı yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman nazirinin müavini İntiqam Babayev fevralın 1-də Gənclərlə İş üzrə İctimai Şuranın iclasında deyib.
İclasda Azərbaycan Gənclərinin VIII Forumunun keçirilməsi ilə bağlı təkliflərin irəli sürülməsi, “İslam Həmrəyliyi İli” çərçivəsində gənclər təşkilatlarının fəaliyyəti, “Azərbaycan gəncliyi 2015-2025-ci illərdə inkişaf Strategiyası”nın icrası ilə bağlı görülmüş işlər müzakirə olunub.
Nazir müavini İntiqam Babayev çıxışında Azərbaycan Gənclərinin VIII Forumunun işinin təkmilləşdirilməsi ilə bağlı müvafiq addımların atıldığını bildirib.
Cari ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu vurğulayan İ.Babayev deyib: “Bununla bağlı nazirlik tərəfindən də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, gənclər təşkilatları da bu işdə fəallıq göstərməlidirlər. Onların təklifləri bizim üçün maraqlıdır”.
“Azərbaycan Gəncliyi 2015-2025-ci illərdə İnkişaf Strategiyası”ndan danışan İ.Babayev bu sahədə həyata keçiriləcək tədbirlərin yüksək səviyyədə reallaşdırılması üçün lazımi addımların atılacağını diqqətə çatdırıb. “2016-cı il bizim üçün çox məhsuldar oldu. Təkcə Gənclər və İdman Nazirliyinin xətti ilə ötən il 150 tədbirin, layihənin icrası təmin olunub. Onlardan da 30-u beynəlxalqdır. Beynəlxalq tədbirlərdə 1000-dən çox gəncin iştirakı təmin edilib. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, - deyə nazir müavini qeyd edib.
Gənclər Gününün ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunmasından 20 il keçdiyini deyən İ.Babayev ölkəmizdə dövlət gənclər siyasətinin uğurla reallaşdırıldığını vurğulayıb.
İctimai Şuranın sədri Nurəddin Mehdiyev çıxış edərək gənclər təşkilatlarına yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib, müzakirə olunacaq mövzuların aktuallığından danışıb. Qeyd olunub ki, İctimai Şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin qeyri-hökumət təşkilatlarının iştirakını təmin etməkdir.
Sonra iclasda gündəlikdəki mövzular üzrə görülmüş işlər müzakirə olunub.
İclasın sonunda gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə ictimai fəal gənclər və gənclər təşkilatları mükafatlandırılıb.