QAN YADDAŞI
Gənclər və İdman Nazirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də Gənclər və İdman Nazirliyində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə bağlı tədbir keçirilib. Anım tədbirində nazir müavinləri İntiqam Babayev, İsmayıl İsmayılov, Fərhad Hacıyev, nazirliyin kollektivi, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra faciə ilə bağlı film nümayiş olunub.
Çıxış edənlər 20 Yanvar hadisəsinin xalqımızın qəhrəmanlıq tarixindəki rolundan danışıb, həmin günün şərəf və ucalıq rəmzi olduğunu bildiriblər. Natiqlər 1990-cı il yanvarın 20-də baş verən faciəvi hadisələrə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırıblar.