CƏMİYYƏT
Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün təkmilləşdirmə təlimlərinə start verilib
Bakı, 12 may, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün təkmilləşdirmə təlimlərinə start verilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, həm gənclər, həm də idman istiqaməti üzrə 30 əməkdaşın qatıldığı layihənin əsas məqsədi daxili təlimçilərin yetişdirilməsi, eləcə də regional keyfiyyət nəzarətçisi və dəstəkçisi kimi formalaşmasını həyata keçirməkdir.
Layihənin birinci mərhələsində əməkdaşlar 15 mövzu üzrə intensiv təlimlərə cəlb ediləcəklər. Təcrübəli təlimçilər tərəfindən iştirakçılara peşəkar idarəetmə, davranış bacarıqları, kreativ düşüncə, təşəbbüskarlıq, rəqəmsal savadlılıq, problem həlletmə, layihələrin hazırlanması və idarə olunması mövzusunda məşğələlər aparılacaq. Əməkdaşlara planlama, təşkilatçılıq, koçinq və motivasiya, araşdırma metodları, emosional zəka, korporativ mədəniyyət və iş etikası, qurumdaxili münasibətlər, məsuliyyət, performansın idarəedilməsi və kargüzarlıq təlimləri də keçiriləcək.
Təlimlər yekunlaşdıqdan sonra iştirakçılar arasından hər bir regiondan məsul şəxslər müəyyənləşəcək və davamlı keyfiyyətə nəzarət mexanizmi qurulacaq. Daxili təlimçilər təyinat üzrə yerlərdə özləri təlimlər keçəcək, inkişaf tapşırıqları təyin ediləcək və icra prosesinə nəzarət edəcək.