CƏMİYYƏT
Gənclər və İdman Nazirliyinin təşkil etdiyi rəsm müsabiqələrinin qalibləri müəyyənləşib
Bakı, 4 yanvar, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dekabrın 7-25-də 14-29 yaşlı gənc rəssamlar arasında keçirdiyi rəsm müsabiqələrinin qalibləri məlum olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycanın qəhrəmanlıq salnaməsi gənclərin gözü ilə” və “COVID-19 pandemiyasi ilə bağlı gənclərin rəsm müsabiqəsi” sərlövhələri ilə gerçəkləşmiş müsabiqələrə Bakıdan və regionlardan 700-dən çox rəsm əsəri təqdim edilib.
İşlər Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev tərəfindən qiymətləndirilib.
“Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə” adlı müsabiqədə birinci yeri Zeynəb Yaqubova, ikinci yeri Babək Abdullayev, üçüncü yeri isə Aynur Yadigarlı tutublar. “COVID-19 pandemiyasi ilə bağlı gənclərin rəsm müsabiqəsi” mövzusunda müsabiqədə birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq Əsmər Heybətova, Lalə Hüseynova və Rüfət Abbaszadə layiq görülüblər.
Qaliblər pul mükafatları və nazirliyin diplomları ilə təltif olunacaqlar. Mükafatlar hər iki sərgi üçün ayrı-ayrılıqda nəzərdə tutulub. Digər maraqlı işlərin müəllifləri isə Gənclər və İdman Nazirliyi tərəfindən diplomlarla mükafatlandırılacaq. Eyni zamanda, seçilmiş işlərin üç dildə kataloqu və posterləri çap edilərək yayımlanacaq.
Qeyd edək ki, sərgi Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.3-cü bəndini (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) rəhbər tutaraq və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.1-ci - gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri infeksion xəstəliklərin profilaktikasi, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi bəndinin icrasının reallaşdırılması məqsədilə təşkil olunur.