CƏMİYYƏT
Gənclər və İdman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Abşeron rayonundan olan vətəndaşları qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 20-yə yaxın vətəndaşın iştirak etdiyi qəbulda Gənclər evinin, idman qurğularının tikilməsi və təmiri, fəxri adların verilməsi və şəxsi məsələlərlə bağlı müraciətlər dinlənilib.
Müraciətlərin bir qismi yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndərəcəyi bildirilib, bir qismi isə baxılması üçün icraya yönəldilib.
Nazir Azad Rəhimov, həmçinin nazirliyin dəstəyi ilə Varşavada keçirilən beynəlxalq turnirə ezam olunmuş “Qarabağ qaziləri” amputant futbol komandasının üzvləri ilə də görüşüb.