CƏMİYYƏT


“Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda tədbir keçirilib

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda tədbir keçirilib.

YAP-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirin moderatoru, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov müasir dövrdə gənclərin ailə məsələlərinə baxışlarının aktual olduğunu bildirib.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, ailə cəmiyyətin əsasını təşkil edir. Bu gün ölkəmizdə ailə institutunun qorunması prioritet məsələlərdəndir. Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, inkişafına çalışır. Cəmiyyətin və dövlətin tərəqqisində xüsusi rolu olan ailə öz bütövlüyünü qoruyub saxlayır. Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir. Bizim qədimdən gələn ailə modelimiz var. Lakin mütəmadi aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də cəmiyyətdə erkən nikahlar problem olaraq alır. Erkən nikahlarda məişət zorakılığına, doğuş zamanı ana və uşaq ölümlərinə, boşanmalara, fiziki, psixoloji çətinliklərə və s. problemlərə rast gəlinir. Eyni zamanda, təhsildən yayınma halları da baş verir. Bu məsələlərin həlli daim diqqət mərkəzində olmalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva vurğulayıb ki, qloballaşma dövründə dünya ölkələrində ailə institutu tənəzzülə uğramaqdadır. Bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribanlıq, tolerantlıq şəraitində yaşayırlar. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir. Bu gün ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün hansı imkanlar var? İlk növbədə, qeyd etmək lazımdır ki, güclü qanunvericilik bazası mövcuddur. Yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. İldən-ilə ailələrimizin sosial müdafiəsi güclənir, müxtəlif layihələr reallaşdırılır. Lakin qeyd etməliyik ki, bir çox problemlər hələ də öz aktuallığını saxlamaqdadır. Bu mənfi halları aradan qaldırmaq üçün nə edə bilərik? İlk növbədə, ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir. Ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin görünmədən, lakin çox sürətlə ailələrə daxil olmasıdır. Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad-valideyn ünsiyyətində soyuqluq yaradır. A.Sofiyeva ailə dəyərlərinin qorunması işində gənclərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.

Tədbirdə, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov çıxış edərək mövzu ilə əlaqədar fikirlərini bildiriblər.

Sonra iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.