İDMAN
Gənclər və idman naziri ADBTİA-nın yeni tədris korpusu ilə tanış olub
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeni üçmərtəbəli tədris korpusu istifadəyə verilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gənclər və idman naziri Fərid Qayıbov yeni korpusda yaradılan şəraitlə tanış olub.
Əvvəlcə Akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.
Yeni tədris korpusunda auditoriyalara İkinci Qarabağ müharibəsində ADBTİA-nın şəhid olmuş 13 məzununun adları verilib və Vətən uğrunda canında keçmiş qəhrəmanların ad-soyadları yazılan lövhələr auditoriyaların qapılarına vurulub. Burada doktorantura və “SABAH” qruplarının tədrisi üçün hər cür şərait yaradılıb.
Rektor Fuad Hacıyev məlumat verib ki, Akademiyanın şəhid məzunlarının adlarına xüsusi təqaüdlər də təsis edilib.
Fərid Qayıbov Akademiyanın elmi-tədris laboratoriyasının da fəaliyyəti ilə tanış olub və burada reabilitasiya prosesi keçən qazilər Amin Musayev və Emin Eminovun səhhəti ilə maraqlanıb.
Yeni tədris ilinin başlanması münasibətilə Akademiyanın akt zalında təqdimat keçirilib və təhsil ocağının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.