REGİONLAR
Gənclər və idman naziri Cəlilabadda cənub bölgəsinin vətəndaşlarını qəbul edib VİDEO
Cəlilabad, 20 may, Bağır Əliyev, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, gənclər və idman naziri Azad Rəhimov mayın 20-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində cənub bölgəsinin vətəndaşlarını qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl nazir Azad Rəhimov və Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Nazirliyin müvafiq icra strukturu rəhbərlərinin də iştirak etdiyi qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan 30-dan çox sakinin müraciətlərinə baxılıb.
Vətəndaşların müraciətləri əsasən gənclər, idman və tikinti sahələri, ipoteka və sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi, işlə təminat və digər məsələlərlə bağlı olub. Həmçinin qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqla təminatı məsələləri qaldırılıb.
İdman sahəsində edilən müraciətlər isə fəxri adların verilməsi, idman mərkəzlərinin avadanlıqla təmin olunması, olimpiya idman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) bölmələrinin yaradılması və digər məsələləri əhatə edib.
Müraciətlərin bir qismi yerində həll olunub, araşdırılması lazım gələn məsələlər isə müvafiq qurumlara çatdırılması üçün nəzarətə götürülüb.