CƏMİYYƏT
Gənclər və idman naziri Cəlilabadda vətəndaşları qəbul edib
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov oktyabrın 5-də Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı şəhər və rayonlarının sakinlərini qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 20-yə yaxın vətəndaşın gənclər, idman və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
İdman sahəsi üzrə müraciətlər əsasən fəxri adların verilməsi, idman mərkəzlərinin lazımi avadanlıqla təmin olunması, yeni Olimpiya İdman komplekslərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrinin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. məsələləri əhatə edib.
Gənclər sahəsi üzrə müraciətlər isə qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay-qış istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin fəaliyyəti və müvafiq avadanlıqla təminatı ilə bağlı olub.
Qəbulda bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.