REGİONLAR
Gənclər və idman naziri: İlk dəfədir ki, Gənclər Gününü Bakıda deyil, Gənclər Paytaxtında qeyd edirik
Mingəçevir, 2 fevral, AZƏRTAC
Bu gün 2 Fevral – Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu münasibətlə bütün gənclərimizi təbrik edirəm. Bu gün 1997-ci ildən Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış rəsmi sənədə uyğun keçirilir. Ümumiyyətlə gənclər dövlət siyasətinin tərkib hissəsidir. Dövlətimizin başçısı da daim gənclərlə görüşlər keçirir, gənclər sahəsi üzrə müxtəlif fərmanlar imzalayır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov söyləyib.
“Bilirsiniz ki, ölkəmizdə hər il Gənclər Paytaxtı seçilir. Bu il Gənclər Paytaxtı olaraq Mingəçevir şəhəri seçilib və ilk dəfədir ki, biz Gənclər Gününü Bakıda deyil, Gənclər Paytaxtında qeyd edirik. Bu gün Mingəçevirdə çox gözəl tədbir təşkil olunub, Azərbaycanın bütün rayonlarından gənclərimiz buraya gəliblər. Tədbirdə gənclərimizi panel diskussiyalar gözləyir. Günün sonunda isə Mingəçevir sakinləri və bütün gənclər üçün konsert təşkil olunacaq. Bir daha bütün gənclərimizi bu münasibətlə təbrik edir və onlara yeni uğurlar arzulayıram”, - deyə Fərid Qayıbov qeyd edib.