CƏMİYYƏT
Gənclər və idman nazirinin İsmayıllıda keçirdiyi qəbulda 30-dək vətəndaşın müraciətinə baxılıb VİDEO
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da gənclər və idman naziri Azad Rəhimov Balakən, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala və İsmayıllı rayonundan olan vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 30-a yaxın vətəndaş iştirak edib.
Müraciətlər gənclər və idman mərkəzlərinin tikintisi və müvafiq avadanlıqlarla təmin edilməsi, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi, işlə təminat və digər məsələlərlə bağlı olub. Müraciətlərdə, həmçinin qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmini və fəaliyyətinə dair məsələlər qaldırılıb.
Qəbul zamanı idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin avadanlıqlarla təmin olunması, Olimpiya İdman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin və bölmələrin yaradılması üzrə müraciətlərə də baxılıb.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.