REGİONLAR


“Gənclərdə büdcə savadlılığı” layihəsi çərçivəsində növbəti təlim “Naxçıvan” Universitetində baş tutub

Naxçıvan, 7 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən icrasına başlanılmış “Gənclərdə büdcə savadlılığı” layihəsi çərçivəsində növbəti təlim Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində 120-dən çox tələbənin iştirakı ilə baş tutub.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu çıxış edərək birgə təşkil olunan tədbirlərin əhəmiyyətindən danışıb.

Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova layihə barədə ətraflı məlumat verib, əhəmiyyəti və aktuallığından danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə əsası qoyulmuş tədbirlər hər keçən gün öz əhatə dairəsini genişləndirir və bir çox zəruri istiqamətdə layihələrin özülünü təşkil edir. Həyata keçirilən bu layihə də məhz müvafiq sərəncamın icrası ilə bağlıdır. Tələbələrin layihə çərçivəsində keçirilən tədbirlərə cəlb olunması onların təlim məşğələlərində müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsi, müasir informasiya cəmiyyətində tələb olunan səviyyədə hərtərəfli məlumata sahib olmaları, həyat təcrübəsinə yiyələnmələri məqsədi daşıyır.

Sonra Maliyyə Nazirliyinin büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov tərəfindən “Dövlət büdcəsini anlayaq” mövzusunda hazırlanmış təlim materialı təqdim olunub. Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi, dövlət büdcəsinin tərtibi, müzakirəsi, təsdiqi, icrası, icrasına nəzarət haqqında slaydlar vasitəsilə ətraflı məlumat verilib.

Maliyyə Nazirliyinin dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin baş məsləhətçisi Xəlil Vəlizadə “Tələbə büdcəsinin idarə olunması” mövzusunda təlim aparıb. Gənclərdə tələbə büdcəsinin effektiv planlaşdırılmasının məqsəd və əhəmiyyəti, təhlilinin vacibliyi, xərclərin müəyyən edilməsi və təhlili, pulun idarə olunması və xərclərin gəlirlərə uyğun qurulması işlərinin əhəmiyyəti barədə danışılıb.

Təlimin sonuncu mərhələsində tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. Bu mərhələdə 4 komanda iştirak edib və iştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertifikatlar təqdim olunub. Qalib komandanın hər bir üzvünə oxunması zəruri olan kitablar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.