REGİONLAR
Gənclərə Azərbaycançılıq məfkurəsi təbliğ edilir
Ağdam, 24 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr” layihəsinin icrasını davam etdirir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir Quzanlı qəsəbəsində yerləşən Ağdam Musiqi Kollecində keçirilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın dövlət himni ifa olunub.
İctimai Birliyin sədri Çingiz Bayramov tədbirdə çıxış edərək bildirib ki, layihənin keçirilməsində məqsəd gənclər arasında azərbaycançılıq məfkurəsini təbliğ etmək, xalqımızın soy-kökünə, milli dəyərlərinə bağlı gənclərin yetişməsinə təkan verməkdir. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri azərbaycançılıq məfkurəsinin əsasını təşkil edir.
Çingiz Bayramov çıxışında Azərbaycanın sivilizasiyaların qovuşduğu məkanda yerləşdiyinə diqqət çəkərək, ölkəmizin dinlərarası dialoqda həmişə aparıcı rol oynadığını vurğulayıb.
TUMİB İdarə Heyətinin üzvü Seymur Verdizadə Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyindən danışıb. Bildirib ki, gənclər üçün ən müqəddəs duyğu Vətəni sevmək, qoynunda boya-başa çatdığı torpağın yolunda mübarizə aparmağa, canından keçməyə hazır olmaqdır.
Diqqətə çatdırılıb ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda ağdamlı gənclər daim mübarizliyi ilə seçilib. Ağdam düşmənə qarşı müharibədə minlərlə şəhid verib, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Tədbirdə çıxış edən Ağdam Musiqi Kollecinin müəllimi Ülviyə Əliyeva gənc nəslin milli ruhda tərbiyə olunmasında təhsil müəssisələri ilə yanaşı, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının vacibliyini vurğulayıb.
Ağdam Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev azərbaycançılıq məfkurəsinin region gəncləri arasında təbliğində bu cür layihələrin əhəmiyyətini yüksək qiymətləndirib.
Tədbirdə gənclərə üzərində azərbaycançılıq məfkurəsi əks olunan köynəklər paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.