REGİONLAR
Gənclərə İslam dinini olduğu kimi çatdırmaq lazımdır
Lənkəran, 26 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Sütəmurdov kənd tam orta məktəbində “Gənclərin radikal dini təsirlərdən və zərərli vərdişlərdən qorunmasında mənəvi dəyərlərimizin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Kamran Əliyev, müəllimlər və şagirdlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, maarifləndirmə tədbirində çıxış edənlər gənclər arasında mənəvi dəyərlərin təbliğ edilməsinin vacibliyindən danışıblar.
Qeyd olunub ki, dini radikalizm və zərərli vərdişlərin təsirindən uzaq olmaq üçün gənclərə dolğun bilik vermək, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi çatdırmaq lazımdır.
Diqqətə çatdırılıb ki, belə tədbirlərin təhsil ocaqlarında keçirilməsi yeniyetmə və gənclərin dini maarifləndirilməsində və onların zərərli vərdişlərdən uzaq olmasında mühüm əhəmiyyət kəsb edir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.