MƏDƏNİYYƏT
“Gənclərə dəstək” layihəsinin ilk konserti maraqla qarşılanıb
Bakı, 26 yanvar, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən “Gənclərə dəstək” layihəsi davam edir. Gənc musiqiçilərin iştirakı ilə konsert proqramları təşkil edilir, onların istedad və qabiliyyəti ictimaiyyətə təqdim olunur.
AZƏRTAC xəbər verir ki, layihə üzrə bu ilin ilk konsert proqramı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında reallaşıb. “Qış kaleydoskopu” adlı gecədə Fikrət Əmirovun “Rəqs”, Tofiq Quliyevin “Sevinc mahnısı”, Yohann Sebastian Baxın “Polonez”, Robert Şumanın “Cəsur atlı”, “Melodiya”, Bela Kovaçın “Şalom”, Samuel Maykaparın “Postuşok”, Yohannes Bramsın “Rapsodiya” və başqa əsərlər səsləndirilib.
Konsert proqramında respublika və beynəlxalq müsabiqələr laureatları Fuad Babayev, Əsmər Alxasova, Xanım Quluzadə, Ayan Bəkirzadə (hamısı piano), Zəminə Nurullayeva (vokal), Asim Həsənzadə (klarnet), Cabir Əliyev (truba) və başqaları çıxış etdilər.
Bir-birindən rəngarəng ifalar maraqla qarşılanıb.
Qeyd edək ki, “Gənclərə dəstək” layihəsi çərçivəsində ötən il 20-dən artıq konsert proqramı təqdim olunub.