İQTİSADİYYAT
Gənclərə startapların başlanğıcından investisiya və satışa qədərki mərhələlər barədə tövsiyələr verilib
Bakı, 18 dekabr, AZƏRTAC
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “I2B – İdeyadan Biznesə” layihəsinin ikinci onlayn tədbiri keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə təlim-məlumat xarakterli 5 sessiya keçirilib. Sessiyalar zamanı gənclərə startapların başlanğıcından investisiya və satışa qədər olan mərhələləri barədə praktiki tövsiyələr və məsləhətlər verilib. İmran Bağırov, Rəşad Eyvazov, Ağahüseyn Əhmədov “Başlama: xəyallardan gerçəkliyə”, Elçin Hüseynov və Elviz İsmayılov “Təşəbbüs: tələbəlikdən sahibkarlığa”, Leyla Tağızadə, Kamran İmaməliyev və Camal Ağayev “Risk: işçidən sahibkara”, Asif İbrahimov və Nicat Manafov “Çeviklik: konsepsiyadan məhsula”, Toğrul Səməd və Fərid İsmayılzadə isə “Düşüncə tərzi: sahibkardan investora” mövzularında çıxış ediblər.
Həmçinin tədbirdə innovasiya ekosistemi nümayəndələri barədə tanıtım videoları nümayiş olunub. Məqsəd gənclərin bu istiqamətdə fəaliyyət göstərən digər təşkilatların fəaliyyətləri ilə tanış olmaqdır.
Qeyd edək ki, “I2B – İdeyadan Biznesə” layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İnnovasiyalar Agentliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf İctimai Birliyi”, Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell Telekom” MMC və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılır.