MƏDƏNİYYƏT
Gənclərə turizm sahəsində biznes planların hazırlanma qaydaları öyrədilmişdir
Bakı, 22 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azad gənclər” İctimai Birliyi “Turizmin inkişafı sahəsində gənclərin rolunun artırılması” layihəsini həyata keçirmişdir.
AZƏRTAC xəbər verir ki, gənclərin biznes biliklərinin artırılması və sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi məqsədi ilə həyata keçirilən layihə çərçivəsində gənclər üçün “Turizm sahəsində biznes-planların hazırlanması” mövzusunda təlim kursları təşkil edilmişdir.
Layihə iştirakçıları turizm sahəsində biznes plan hazırlamağı, sahibkarlıq fəaliyyətinə başlamağı öyrənmişlər. Təlim kursları “İB Training Alliance” təlim-məşq mərkəzinin mütəxəssisləri tərəfindən aparılmışdır. Ekspert qismində Bakı Turizm İnformasiya Mərkəzinin əməkdaşları çıxış etmişlər.
50 nəfər olan layihə iştirakçısına təlim-məşqlər zamanı “Turizm və onun növləri”, “Azərbaycanda turizm üçün potensiallar”, “İdarəçilik sisteminin əsasları”, “Turizm sahəsi vasitəsi gəlirlərin və məşğulluğun formalaşması” və s. mövzularda geniş məlumatlar verilmişdir.
“Turizm ili”nə həsr olunan layihənin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.