CƏMİYYƏT
Gənclərə vikipediya təlimləri keçirilib
Bakı, 13 may, AZƏRTAC
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Virtual Elektron Fəaliyyət Cəmiyyətinin və “Qorqud” Vikipediya Metodik Klubunun tərəfdaşlığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında qurumun elektron resurslar şöbəsinin mütəxəssisi Səbinə Abizadə tərəfindən səkkiz sessiyadan ibarət biraylıq “Viki-mən” layihəsi keçirilib.
Gənclər Təşkilatından AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gənclərə vikipediya haqqında ətraflı məlumat vermək, onlara virtual ensiklopediyanın iş prinsiplərini, məqalələrin yaradılması və məlumatların yerləşdirilməsi qaydalarını praktiki şəkildə öyrətmək, eləcə də vikipediyada etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayını artırmaq olub.
Layihənin bağlanış mərasimində AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov və digər qonaqlar, təlimçi-ekspertlər, layihə iştirakçıları və üzv gənclər iştirak ediblər.
Çıxışçılar vikipediyanın Azərbaycan həqiqətlərini, tarixini və mədəniyyətini müxtəlif dillərdə təqdim edən əhəmiyyətli platformalardan biri olduğunu, davam edən informasiya müharibəsində, ölkəmizin milli maraqlarının, Azərbaycanın haqlı mövqeyinin təmin olunması istiqamətində əsas gücün gənclərin, xüsusilə xarici dillərdə çatdırmağı bacaran nəslin üzərinə düşdüyünü diqqətə çatdırıblar.
Çıxışlar zamanı gənclərin təlimlərə göstərdiyi marağı və mövzunun aktuallığını nəzərə alaraq belə layihələrin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanıb.
Layihə çərçivəsində müsahibə mərhələsindən uğurla keçmiş 14 gənc vikipediyadan istifadə qaydaları, qeydiyyatdan keçmə, vikipediyada məqalə yaratma, mövcud məqalələr üzrə redaktə, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi və sair mövzularda bilik və bacarıqlarını artırıb, öyrəndiklərini praktikada tətbiq ediblər. Layihə müddətində iştirakçılar tərəfindən 100-dən çox məqalə yaradılıb, redaktələr olunub.
Layihəni müvəffəqiyyətlə başa vuran 10 iştirakçı sertifikat və diplomlarla təltif edilib.