REGİONLAR


Gəncləri dini radikalizm və narkomaniyanın zərərli təsirlərindən qorumağın yolları müzakirə edilib

Sumqayıt, 29 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsi, Polis İdarəsi, Narkoloji Dispanserin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Sumqayıt bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Gəncləri dini radikalizm–ekstremizm və narkomaniyanın zərərli təsirlərindən qoruyaq” adlı maarifləndirici xarakterli görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Sumqayıt Peşə Təhsil Mərkəzində və 24 nömrəli tam orta məktəbdə mövcud pandemiya qaydalarına uyğun təşkil edilən tədbir Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Dövlət Himni səsləndirilib.

Peşə Mərkəzinin direktor müavini Anar Allahverdiyev mövzunun əhəmiyyətindən, narkomaniyanın yeniyetmə və gənclərin şəxsiyyətinin, sağlamlığının inkişafına mənfi təsirindən danışaraq, bu bəladan qorunmanın vacibliyini qeyd edib.

Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rüfət Mahmudzadə respublikada narkomaniya və narkobizneslə mübarizənin ən yüksək səviyyədə aparıldığını bildirərək, şəhərdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizədən, dini radikalizm və ekstremizmin qarşısının alınmasında irəli gələn vəzifələrdən danışıb, qabaqlayıcı əməli-profilaktik tədbirlərin mütəmadi olaraq həyata keçirildiyini vurğulayıb.

Şəhər Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev və şəhər Polis İdarəsinin əməkdaşı Azər Bağırov bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniyanın gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsindən, sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlanın vurduğu zərərlərdən, törətdiyi fəsadlardan geniş bəhs edərək, gənclərə zərərli vərdişlərdən uzaq olmağı tövsiyə ediblər.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, mövzuya dair videoçarxlar nümayiş olunub, maarifləndirici bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.