CƏMİYYƏT


Gənclərimiz Ulu Öndərin memarı və qurucusu olduğu qüdrətli Azərbaycanın vətəndaşı olmaqdan qürur hissi keçirirlər

Bakı, 12 dekabr, AZƏRTAC 

Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti ölkənin inkişafını, dövlətçiliyin möhkəmlənməsini, xalqın rifahını təmin edib. Ümummilli Lider bütün sahələrə, o cümlədən gənclərin inkişafına böyük diqqət göstərirdi. O, Azərbaycanda müasir gənclər siyasətinin banisidir.

Bu sözləri ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar dahi rəhbərin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gələn Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov AZƏRTAC-a müsahibəsində deyib.

T.İsmayılov bildirib ki, Heydər Əliyevin hələ 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə yüzlərlə yeni tədris ocağı, hərbi məktəblər açılıb, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alaraq müasir ixtisaslara yiyələnib. Heydər Əliyevin sayəsində bir çox peşəkar kadrlar mühüm dövlət vəzifələrində təmsil olunublar. Onun şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovet İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılıb.

Vurğulanıb ki, 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olub. Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədilə Ulu Öndər tərəfindən 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaradılması barədə Fərman imzalanıb. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başlanıb. Ulu Öndərimizin gənclərlə çoxsaylı görüşləri, onlara etdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edib. Bunun məntiqi nəticəsidir ki, 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib. Forumda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğulayıb. Həmin dövrdə gənclərin problemlərinin həllini təmin edən sərəncamların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tamhüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən etimadı doğrultmağa çalışması üçün bütün şərait yaradılıb. Ümummilli Liderimizin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən həmin tarix Gənclər Günü elan edilib. 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında”, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu”, “Gənc ailə” dövlət sənədləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edilib ki, gənclərimiz dahi rəhbər Heydər Əliyevin memarı və qurucusu olduğu qüdrətli, güclü Azərbaycanın vətəndaşı olmaqdan qürur hissi keçirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.