CƏMİYYƏT
“Gənclərimiz beynəlxalq arenada” onlayn forumu keçirilib
Bakı, 14 avqust, AZƏRTAC
Sabunçu Rayon İcra Hakimiyyətinin, Gənclər evinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı və “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin onlayn yay məktəbi” layihəsi çərçivəsində “Gənclərimiz beynəlxalq arenada” mövzusunda onlayn forum baş tutub.
Sabunçu Gənclər evindən AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Gənclər Günü münasibətilə təşkil olunan forumda 200-ə yaxın gənc iştirak edib.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Sabunçu Gənclər evinin direktoru Samir Mehralıyev çıxış edərək forum iştirakçılarını Beynəlxalq Gənclər Günü münasibətilə təbrik ediblər. Çıxışlarda ölkədə reallaşdırılan dövlət gənclər siyasətinin gənclərin inkişafında rolundan danışılıb, gənclərimizin təhsili, intellekti, dünyagörüşü, milli-mənəvi dəyərlərə və Vətənə bağlılığı ilə fərqləndikləri qeyd olunub. Ölkəmizin hüdudlarından kənarda Azərbaycanı uğurla təmsil edən gənclərin nailiyyətlərinin vurğulandığı tədbirdə bu gün gənclərin istənilən sahədə aparıcı mövqe tutduqları bildirilib.
Sonra Azərbaycanı təhsil aldıqları və yaşadıqları ölkələrdə uğurla təmsil edən gənclər – Lüksemburqda “Vodafone” şirkətində menecer vəzifəsində çalışan Emin Quliyev, Türkiyədə Azərbaycan mədəniyyətini təbliğ edən Əməkdar artist Turan Manafzadə, Avstriyada istedadı ilə bir sıra beynəlxalq müsabiqələr laureatı olan Abuzər Manafzadə, Almaniyada kompüter elmləri üzrə təhsil alan və proqramçı kimi çalışan DAAD təqaüdçüsü, Sabunçu rayon sakini Əli Behbudov, Almaniyada qaçqınlıq və miqrasiya üzrə beynəlxalq sosial işçi vəzifəsində uğurla çalışan və ölkəmizin təbliği istiqamətində bir sıra sosial kampaniyalara rəhbərlik edən Nigar İbrahimova vətəndən uzaqda qazandıqları nailiyyətlər barədə məlumat verərək forum iştirakçılarının suallarını cavablandırıblar.
“Gənclərimiz beynəlxalq arenada” mövzusunda onlayn tədbirin keçirilməsində məqsəd beynəlxalq arenada uğur qazanmış azərbaycanlı gənclərlə yerli gənclərin görüşünün təşkili, gənclərin sosial fəallığına nail olmaq, onların asudə vaxtlarının səmərəli təşkili, gənclərin inkişafa və uğura təşviq edilməsi olub.