CƏMİYYƏT


Gənclərimizin milli maraqlarımız ətrafında sıx birləşmələri onların qarşısında duran əsas vəzifədir

Bakı, 12 avqust, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə “Daha yaxşı dünya üçün” devizi altında beynəlxalq gənclər konfransı keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, 2020-ci il üçün “Qlobal fəaliyyət üçün gənclərin cəlb olunması” mövzusuna həsr edilən onlayn konfrans Gənclər və İdman naziri Azad Rəhimov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun çıxışları, BMT-nin baş katibi Antonio Quterreşin və dünyanın bir çox ölkəsindən rəsmilərin gənclərə müraciətləri ilə başlayıb.

Gənclər Fondunun rəsmi sosial media hesabından yayımlanan konfransa qoşulan minlərlə gənc tədbir boyunca fikirlərini şərh bölməsində qeyd ediblər.

Konfransda Azərbaycan gəncliyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, ölkəmizin dünyada uğur qazanmış gənclərinin çıxışları və gənclərə müraciətləri dinlənilib.

Çıxış edənlər bildiriblər ki, gənclərin daim inkişafda olmaları, təhsil almaları və vətənpərvərlik ruhunda tərbiyə olunmaları ölkənin tərəqqisinin bariz göstəricilərindəndir.

Sonra konfransın əsas mövzusu istiqamətində Azərbaycanın son dövrlərdə ən müsbət təcrübələrindən sayılan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin fəaliyyəti və yerli gənclər şuralarının yaradılması geniş kütləyə bir daha təqdim olunub.

Beynəlxalq Gənclər Gününə həsr olunan onlayn konfransda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərin suallarını cavablayaraq vurğulayıblar ki, Azərbaycan gəncləri fəaliyyətləri ilə ölkəmizin dəyərli vətəndaşları olduqlarını dəfələrlə sübut ediblər. Müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi, gənclərimizin milli maraqlarımız ətrafında sıx birləşmələri gənclərin qarşısında duran əsas vəzifədir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əsasını da məhz bu amillərin təşkil etdiyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.