MƏDƏNİYYƏT
“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi tərəfindən yeni sayt istifadəyə verilmişdir
Bakı, 13 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi (İB) “Azərbaycanda turizm xidmətlərinin mərkəzləşdirilmiş bazasının hazırlanması” layihəsi çərçivəsində “www.azturizm.az” saytını hazırlamışdır.
İB-dən AZƏRTAC-a bildirmişlər ki, saytın məqsədi Azərbaycanda daxili turizmin inkişafına təkan verməkdir. Saytda Azərbaycan dilində ilk dəfə turizm obyektlərinin təklif etdiyi qiymət və xidmətlərin müqayisəli axtarış sistemi qurulmuşdur. Bu axtarış sisteminin köməyi ilə hər bir turist istirahət etmək istədiyi turizm obyektini eyni vaxtda bir neçə göstəriciyə görə (növü, ulduzunun sayı, qiyməti və yerləşdiyi iqtisadi rayon) seçə biləcəkdir.
Azərbaycanda istirahət etmək istəyən hər kəs bu sayta daxil olmaqla maliyyə vəziyyətinə uyğun olaraq istədiyi rayonda ən münasib istirahət mərkəzini və ya oteli asanlıqla tapacaqdır. Bundan əlavə “www.azturizm.az” saytında məlumatların toplanması və yenilənməsi mexanizmi, həmçinin turizm xidmətlərinin keyfiyyətinin turistlərin rəyləri əsasında qiymətləndirilməsi sistemi də yaradılmışdır. Saytda Vətənimizin tarixi, təbiəti, mədəniyyəti və inzibati rayonları haqqında yığcam və yorucu olmayan məlumatlar, foto və videolentlər, Azərbaycanda turizm sektorundakı ən yeni xəbərlər əksini tapmışdır.