CƏMİYYƏT
Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclərin ixtiyarına verilib
Bakı, 2 fevral, Həsrət Mahmudova, AZƏRTAC
Fevralın 2-də Azərbaycan Respublikasının Gənclər Fondunun nəzdində yaradılan Gənclərin İnkişaf və Karyera Mərkəzinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan açılışda gənclər təşkilatlarının rəhbərləri və Gənclər Fondundan qrant almış fəal gənclər iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Gənclər Fondunun icraçı direktoru Fuad Cəfərov Mərkəzin açılışı münasibətilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin meneceri Fəxri Məmmədli bu Mərkəzin fəaliyyət istiqamətləri, o cümlədən gələcəkdə həyata keçiriləcək layihələr haqqında ətraflı məlumat verib. Bildirilib ki, Mərkəzin əsas fəaliyyət istiqamətləri gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə kompüter və dil kursları, dövlət qulluğuna qəbul, abituriyent hazırlığı, eyni zamanda, magistratura kursları təşkil etməkdən ibarətdir. Həmçinin gələcəkdə peşə təlimləri də nəzərdə tutulur. Sosial müdafiəyə ehtiyacı olan gənclərə ödənişlərdə güzəştlər planlaşdırılır. Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclər təşkilatları, qrant müsabiqələrində qalib gələn fiziki şəxslər və təşkilatlarla da birgə işləyəcək.
Açılış çıxışlarından sonra mərasim əyləncəli proqram və viktorinalarla davam edib.