CƏMİYYƏT
Gənclərin İnkişaf və Karyera Mərkəzi regionlarda təlimlər keçirib
Bakı, 7 oktyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik VQDQ Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Azərbaycan Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yevlax, Bərdə, Quba, Şabran, Qusar, Xaçmaz, Siyəzən, Xızı, Sumqayıt, Abşeron, Lənkəran, Masallı, Hacıqabul, Şirvan, Salyan, Saatlı, Sabirabad, İmişli nümayəndəliklərində təlimlər keçirilib.
GİKM-dən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə işçi qrupunun əməkdaşları çıxış edərək könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış sertifikatlar, “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri təbliğat materialları təqdim edilib.
Qeyd edək ki, tədbirlər planına əsasən, təlimlər mərhələli şəkildə respublikamızın bütün rayonlarında keçiriləcək.