CƏMİYYƏT


“Gənclərin Məşğulluğu” proqramına indiyədək 614 nəfər cəlb edilib

Bakı, 12 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Respublikası Gənclər Fondunun birgə layihəsi olan “Gənclərin Məşğulluğu” proqramına bu ilin aprelində başlanılıb. Ötən dövrdə proqrama 614 nəfər gənc cəlb edilib. Hazırda işəgötürənlər tərəfindən həmin gənclər arasından müvafiq peşə-ixtisas bacarıqları üzrə namizədlərin seçimi aparılır. Müsbət haldır ki, proqrama qoşulmaq istəyən işəgötürənlərin də sayı getdikcə artır.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə Dövlət Məşğulluq Xidməti və Gənclər Fondunun layihəyə qoşulmaq istəyən şirkətlərin nümayəndələri ilə keçirdiyi görüşdə bildirilib.

Görüşdə proqram barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, layihə ali və orta-ixtisas təhsili müəssisələrinin 29 yaşına qədər olan məzunlarının işə cəlb olunmasını, müəyyən müddət ərzində onların əməkhaqlarının bir qisminin fond tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur. Proqramın icrası zamanı sosial cəhətdən həssas kateqoriyalardan (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər və s.) olanlara, regionlarda yaşayanlara və iş təcrübəsi olmayanlara üstünlük verilir.

Yaxın günlərdə Gənclər Fondu tərəfindən “Gənclərin Məşğulluğu” proqramının icrası çərçivəsində “CV bankı” da yaradılacaq. Bununla da işəgötürənlər layihəyə müraciət edən gənclər arasından onlara lazım olan peşə-ixtisas bacarıqlarına malik gəncləri daha rahat şəkildə seçə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.