CƏMİYYƏT
“Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsinin bağlanış konfransı keçirilib
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Avropa İttifaqı və PAŞA Bankın qismən maliyyələşdirdiyi, Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (Junior Achievement Azerbaijan) həyata keçirdiyi “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsinin bağlanış konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, bağlanış konfransında dövlət, ictimai, özəl sektorun və səfirliklərin nümayəndələri, “Junior Achievement Azərbaycan” İdarə heyətinin sədri Bəxtiyar Axundov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Həsən Həsənli və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müşavir-elçisi və Əməkdaşlıq şöbəsinin rəhbəri xanım Simona Qatti iştirak ediblər.
Tədbirdə bildirilib ki, konfransın məqsədi 2018-2021-ci illərdə icra olunmuş layihənin nəticələrini ictimaiyyətə təqdim etməkdir.
Layihənin əsas məqsədi seçilmiş təhsil müəssisələrində təhsil alan şagirdlərin maliyyə savadlılığını və sahibkarlıq bacarıqlarını vətəndaş cəmiyyətinin və özəl sektorun iştirakı ilə inkişaf etdirmək olub. Layihədə sahibkarlığın və maliyyə savadlılığının tədrisi üzrə eston təcrübəsindən istifadə olunub. Belə ki, maliyyə savadlılığı üzrə 2, sahibkarlıq üzrə isə 3 əsas təlim-tədris resursları hazırlanıb. Layihə çərçivəsində 170 müəllim üçün hər iki istiqamət üzrə təlimlər təşkil edilmiş və 100 müəllim təlimçi olaraq akkreditasiya edilib. Hazırlanmış təlim-tədris resursları əsasında 48 orta və 4 peşə məktəbində dərsdən kənar məşğələ formatında maliyyə savadlılığının və sahibkarlığın əsasları şagirdlərə tədris edilib.
Layihənin icrası mövcud pandemiya dövründə də davam edib. Belə ki, həm müəllimlərin, həm də şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində distant təlimlər təşkil edilib.
Qeyd edək ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və “Junior Achievement Estonia” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə 2018-2021-ci illərdə Bakı, Gəncə, Qax, Mingəçevir, Xaçmaz, Masallı, Qəbələ və Zaqataladakı peşə və orta məktəblərdə təhsil alan 4909 şagirdi və 170 müəllimi əhatə edib.