REGİONLAR
Gənclərin “Yay məktəbi”ndə növbəti mərhələyə yekun vurulub
Şahbuz, 5 avqust, AZƏRTAC
Gənclərin istirahətini səmərəli təşkil etmək məqsədilə Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində keçirilən “Yay məktəbi”nə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Yay məktəbi”nin ilk günündə iştirakçılar mərkəzin turizm imkanları, ərazidəki fəaliyyət növləri ilə tanış olublar. Gənclərə tədbirin təşkil olunma məqsədləri və proqramı haqqında məlumat verilib. Gün ərzində gənclər müxtəlif idman oyunları, “Vətəni tanı” və “Fərdi Xəmsə” intellektual oyunlarında iştirak ediblər. Gecə saatlarında isə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimova həsr edilən “Poladın 7 anı” sənədli filmi izlənilib.
İkinci gün səhər gimnastikası ilə başlayıb. Ağbulaq kəndi ərazisində gəzintidə iştirak edən gənclər ardınca STEAM təliminə qatılıblar. Sonra “Axtar tap” intellektual oyununda bacarıqlarını nümayiş etdiriblər. Ardınca ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən bəhs olunan “Xalqa bağışlanan ömür” sənədli filmi nümayiş olunub.
Yay məktəbinin sonuncu günü iştirakçılar fotomüsabiqə və “Gələcək üçün maliyyə” mövzusunda təlimdə iştirak ediblər. Təlimlərdə fərqlənən gənclərə sertifikat, müsabiqə və yarışların qaliblərinə isə fəxri fərmanlar verilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan üçgünlük “Yay məktəbi”nə orta ixtisas müəssisələrinin tələbələri və könüllü gənclər olmaqla, 43 nəfər cəlb edilib.