İQTİSADİYYAT
Gənclərin biznes fəaliyyətində qarşılaşdıqları məsələlər müzakirə olunub
Bakı, 25 yanvar, AZƏRTAC
Gənclərin biznes fəaliyyətinin təşkili sahəsində qarşılaşdıqları məsələlər və onların təklifləri müzakirə olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, Astara rayonunda və Göygöl şəhərində sahibkarlarla görüş keçirilib. Astarada gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi məqsədilə təşkil olunmuş görüşdə müvafiq dövlət qurumlarının nümayəndələri, gənclər və sahibkarlar iştirak ediblər. Görüşdə gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi istiqamətində həyata keçirilən layihələr, bu sahədə qanunvericilik və dövlət dəstəyi tədbirləri barədə məlumat verilib.
Tədbirdə gənclərin biznes fəaliyyətinin təşkili sahəsində qarşılaşdıqları məsələlər və onların təklifləri, özünüməşğulluq proqramına müraciət qaydaları, gənclərin peşəyönümlü təhsili, biznes layihələrinin maliyyələşdirilməsi və s. barədə müzakirələr aparılıb, suallar cavablandırılıb.
Göygöldə 20-dən çox sahibkarın və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə isə turizm sahəsində fəaliyyət göstərən biznes subyektlərinin təklifləri dinlənilib. Həmçinin bu sahədə dövlət dəstəyi mexanizmləri, o cümlədən dövlətin güzəştli kreditlərindən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib.