ELM VƏ TƏHSİL
Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri ilə onlayn görüş keçirilib
Bakı, 23 aprel, AZƏRTAC
Paytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri ilə onlayn görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə Nəsimi, Binəqədi və Nərimanov rayonu məktəblərində çalışan GÇH rəhbərləri iştirak ediblər.
Onlayn görüşdə Vətən müharibəsi zamanı müvafiq tapşırıqlar çərçivəsində Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin qismən səfərbərlik prosesinin gedişinə peşəkar dəstəyi, təhsil müəssisələrində hərbi muzeylərin yaradılmasının vacibliyi və bu istiqamətdə atılan addımlar, gənclərin vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən işlər barədə fikir mübadiləsi aparılıb.
Həmçinin görüş zamanı pandemiya dövründə Gənclərin çağırışaqədərki hazırlığı müəllimlərinin fəaliyyəti müzakirə olunub və onları maraqlandıran müvafiq məsələlərə aydınlıq gətirilib.
Qeyd edək ki, onlayn görüşlər paytaxtın bütün rayonları üzrə ümumi təhsil məktəblərində çalışan GÇH rəhbərlərini əhatə edəcək.