CƏMİYYƏT
Gənclərin dayanıqlı məşğulluq proqramına start veriləcək
Bakı, 27 noyabr, AZƏRTAC
Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ortaq layihələrə başlayacaqlar.
AZƏRTAC xəbər verir ki, iki qurum tərəfindən “Gənclərin dayanıqlı məşğulluq proqramı”na start verilməsi və bu proqram çərçivəsində “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası”, “Biznesini yarat marafonu”, “Peşəkar gənclik” layihələrinin həyata keçirilməsi planlaşdırılır.
Proqramın və həyata keçiriləcək layihələrin müzakirəsi məqsədilə qurumlar arasında onlayn görüş keçirilib. Görüşdə agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, fondun icraçı direktoru Fərid Cəfərov və hər iki qurumun əməkdaşları iştirak ediblər.
Bildirilib ki, layihələrin icrası zamanı işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli əlilliyi olan, risk qrupuna daxil olan gənclərlə yanaşı, Vətən müharibəsində iştirak edən, ikinci Qarabağ müharibəsi nəticəsində zərər görən və ya şəhid ailəsinin üzvü olan gənclərə üstünlük veriləcək.
Qeyd edilib ki, layihənin əsas məqsədi də xüsusilə həssas qrupdan olan gənclərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluqlarının təmin edilməsi, gənclərdə rəqabətə davamlılığın artırılması, onların mövcud potensiallarının reallaşdırılmasıdır.
Görüşdə hər iki qurumun üzərinə düşən öhdəliklər də müzakirə edilib və vəzifə bölgüsü aparılıb. Yaxın günlərdə “Gənclərin dayanıqlı məşğulluq proqramı” və proqram çərçivəsində həyata keçiriləcək layihələr ictimaiyyətə geniş təqdim ediləcək.