CƏMİYYƏT
Gənclərin diplomatiyada etiket və digər vacib qaydalar haqqında maarifləndirilməsi vacibdir
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin qalibi olmuş “Diplomat susaraq danışır” adlı layihənin açılış mərasimi keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində layihə rəhbəri Nigar Səfərova çıxış edərək, son illərdə Bakıda beynəlxalq tədbirlərin keçirildiyini və bu səbəbdən gənclərin diplomatiyada etiket və digər vacib qaydalar haqqında maarifləndirilməsinin vacib olduğunu bildirib.
Daha sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edib. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatik siyasətindən söz açıb.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Əli Pənahov isə gənclərə iştirak etdiyi beynəlxalq tədbirlərdən danışıb.
Layihənin icrası zamanı təlimlər nəzərdə tutulub. Təlimləri uğurla başa vuran gənclər sertifikatlarla təltif olunacaqlar.