REGİONLAR
Gənclərin dövlətin ictimai-siyasi və mədəni həyatında rolu artır
Naxçıvan, 29 noyabr, AZƏRTAC
Azərbaycan gəncliyinin aparıcı, avanqard qüvvə kimi formalaşdırılması dövlət gənclər siyasətinin əsas prioritet istiqamətlərindən biridir.
Bu fikirlər Naxçıvan Dövlət Universitetində (NDU) “Gənclərin dövlətin ictimai-siyasi və mədəni həyatında rolu” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasətindən danışıb. Rektor universitetdə təhsil alan gənclərin elm, təhsil, mədəniyyət, idman sahəsində bir sıra əhəmiyyətli uğurlar qazanmasından, onların fiziki və mənəvi tərbiyəsi, asudə vaxtlarının səmərəli keçirilməsi, intellektual inkişafı üçün görülən işlərdən söz açıb.
Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə elmlər doktoru Qərib Allahverdiyev, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev, universitetin Tələbə İnformasiya Mərkəzinin əməkdaşı Uğur Məmmədov, mətbuat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan müasir Azərbaycan gəncliyinin müstəqil dövlət quruculuğunda, cəmiyyətdəki ictimai proseslərdə, milli-mənəvi dəyərlərimizin yaşadılmasında və təbliğində müstəsna rolundan danışıblar.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasına xidmət edən gənclər siyasətinin əsasını müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsi təşkil edir.
Tədbir diskussiya şəraitində davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.