REGİONLAR


Gənclərin ənənəvi dini dəyərlərə sadiqlik ruhunda yetişməsində müəllimlərin böyük əməyi var

Masallı, 28 iyul, Bağır Əliyev, AZƏRTAC

Avropa ilə Asiya arasında əməkdaşlıq körpüsü olan və uğurlu siyasəti ilə daim bu körpünün möhkəmləndirilməsinə çalışan Azərbaycanda əsrlərboyu müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu modelin əsasında Azərbaycan xalqının xarakterik xüsusiyyəti kimi formalaşmış tolerantlıq və multikulturalizm dəyərləri dayanır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında gənclərin rolu” mövzusunda keçirilən tədbirdə səsləndirilib.

Dini icma sədrlərinin, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi toplantıda çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz dünyada demokratik, hüquqi və dünyəvi dövlət kimi tanınır.

Azərbaycanın bir çox millətlərin və konfessiyaların dinc-yanaşı yaşamasının unikal nümunəsi olduğunu vurğulayan S.Əliyev ölkəmizdə dövlət-din münasibətləri çərçivəsində bütün dini konfessiyaların qanun qarşısında eyni statusa malik olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi Azərbaycanın tolerantlıq təcrübəsindən, eyni zamanda, multikultural cəmiyyətlərin formalaşmasına töhfəsindən irəli gəlir. Bundan başqa, dövlətimizin başçısının Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Bu fondun da yaradılmasında məqsəd Azərbaycanın uğurlu dövlət-din modelinin təbliğidir.

Diqqətə çatdırılıb ki, qeyri-ənənəvi dini cərəyanların yayılmasının İslam dininə, ənənəvi dini dəyərlərə, eyni zamanda, cəmiyyətimizə zərərli təsiri var. Gənclərin belə cərəyanların təsiri altına düşməsinin qarşısının alınmasında, onların milli-mənəvi, ənənəvi dini dəyərlərə sadiqlik ruhunda yetişməsində müəllimlərin böyük əməyi var.

DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov çıxışında Azərbaycanda dövlət-din münasibətlərində əldə olunan uğurlardan danışıb. O, bu sahədə qanunvericilik bazasının formalaşdırıldığını qeyd edərək bildirib ki, ölkəmizdə dini və mənəvi azadlıq təmin olunub, dinlərin nümayəndələri azad şəkildə öz ibadətlərini həyata keçirirlər.

İlahiyyat üzrə fəlsəfə doktoru, Masallı şəhərindəki “Hacı Mirağa” məscidinin dini icmasının sədri Əliqulu Qardaşov, rayondakı Heydər Əliyev Mərkəzinin elmi işçisi Aybəniz Novruzova və başqaları çıxışlarında dövlət-din münasibətlərinin formalaşmasında gənclərin rolundan söz açıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.