REGİONLAR
Gənclərin hazırladıqları planlar dövlət, özəl və biznes qurumlarına təqdim olunacaq
Beyləqan, 17 iyun, AZƏRTAC
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin məşğulluğunun təmin olunmasında peşə təhsilinin rolu” layihəsinin icrasına yekun vurub.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Beyləqan, Füzuli və Ağdam rayonlarda yeniyetmə və gənclər üçün təlimlər təşkil edilib. Təlimlərdə məqsədin təyin olunması, motivasiya və özünəinam, iş axtarışı zamanı düzgün yanaşma, peşəyönümünün psixoloji aspektləri, özünəməşğulluğun əsas elementləri kimi məsələlər müzakirə olunub. İnteraktiv təlimlərdə təqdimatlar dinlənilib, iştirakçılarla və mütəxəssislərlə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Təlimlər zamanı, həmçinin iştirakçıların hazırladıqları biznes planların müzakirəsi aparılıb, planın mövcud əmək bazarına uyğunluğu araşdırılıb. Biznes planların yerli resurslardan istifadə edərək daha da inkişaf etdirilməsi və reallığı özündə əks etdirməsi ilə bağlı tövsiyələr verilib.
Gələcəkdə uğurlu biznes planların müvafiq olaraq dövlət, özəl və biznes qurumlarına təqdim edilməsi və reallaşması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihənin əsas məqsədi region gənclərinin məşğulluq probleminin həllinə səy göstərməklə, insan kapitalının inkişafına dəstək olmaq və regionun sosial-iqtisadi inkişafına yardım etməkdir.