Gənclərin məşğulluğunun təşviqi ilə bağlı təlim kursları beynəlxalq təcrübə ilə tanışlıq imkanı qazandıracaq VİDEO
AzerTAg.az
Bakı, 3 iyul, AZƏRTAC
Məşğulluq ölkəmizdə həyata keçirilən ən vacib sosial istiqamətlərdən biridir. Son 15 ildə ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində ümumi daxili məhsul 3,2 dəfə, əhalinin gəlirləri 7,1 dəfə artıb. Əsrin əvvəlində yoxsulluq səviyyəsi 49 faiz idisə, indi onun səviyyəsi 5 faizə enib. Əmək bazarında özəl sektor getdikcə genişlənir, inkişaf edir və hazırda ölkəmizin iqtisadiyyatında onun payı 80 faizə çatır. Yeni inkişaf meyilləri əmək bazarının keyfiyyətcə və kəmiyyətcə dəyişməsinə səbəb olur. Bütün bu inkişaf istiqamətləri yeni çağırışlar meydana çıxarır. Həmin çağırışlara cavab olaraq məşğulluq tədbirləri daha da genişlənir. Bu sahədə beynəlxalq tərəfdaşların imkanlarından maksimum istifadə etməklə peşə təhsili sahəsində də ciddi işlər görülməli, yeni proqramlar və yeni təkliflər ortaya qoyulmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə keçirilən 4-cü təlim kursunun açılışında danışılıb.
“Gənclərin məşğulluğunun təşviqi üzrə aktiv əmək bazarı siyasətləri” mövzusuna həsr olunan budəfəki kursun açılış mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son illər ölkəmizdə həyata keçirilən məşğulluq tədbirləri barədə məlumat verib. O, əhalinin səmərəli məşğulluğuna yönəldilmiş tədbirlərin gücləndirilməsinin sosial-iqtisadi siyasətin əsas prioritetlərindən olduğunu və bu sahədə dövlət məşğulluq orqanları qarşısında mühüm vəzifələr dayandığını vurğulayıb. Nazir bildirib ki, aparılan islahatların bir istiqaməti məşğulluq xidmətlərinin beynəlxalq standartlara uyğun yanaşmalar əsasında təkmilləşməsinə yönəlib. İşsiz və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasında məşğulluq orqanlarının daha effektiv alətlərdən istifadəyə əsaslanan səmərəli fəaliyyət mexanizminin, müasir iş modelinin qurulması üçün aparılan islahatlarda “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” da yeni imkanlar yaradıb.
Digər sahələrdə olduğu kimi, bu sahədə də BƏT tərəfindən fəal dəstəyin göstərildiyini qeyd edən nazir hazırda başlanan yeni təlim kursunun gənclərin məşğulluğunun təşviqi, bununla bağlı aktiv əmək bazarı siyasətləri üzrə əməkdaşların bilik səviyyəsinin artırılması, eləcə də ayrı-ayrı ölkələrin müvafiq sahədə təcrübələri ilə tanışlıq imkanı qazanmaları, təcrübə və fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, müsbət demoqrafik inkişafa malik olan ölkəmizdə hər il əhali təqribən 100 min nəfər artır. Bu, o deməkdir ki, hər il 100 min nəfər əmək bazarına daxil olur. Ona görə də kiçik və orta sahibkarlığın inkişafı, gənclərin iş və peşə hazırlığı məsələsi böyük aktuallıq kəsb edir. Qeyd olunub ki, təlim kursları sosial müdafiəyə ehtiyacı olan təbəqələrin məşğulluq problemlərinin həllində müsbət rol oynayır.
Təlim kursunun açılışında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, ölkəmizdə səfərdə olan Litvanın sosial təminat və əmək nazirinin müavini Eqle Radisauskiene, BƏT-in baş mütəxəssisi Mixail Puşkin və BMT İnkişaf Proqramının qrup rəhbəri Corc Buma da çıxış ediblər.
BƏT-in “MDB-də Gənclərin Məşğulluğu üzrə Tərəfdaşlıq” layihəsinin rəhbəri Ramiro Pizarronun “Gənclərin məşğulluğunu dəstəkləyən makroiqtisadi yanaşma və əmək bazarı siyasətləri” mövzusunda təqdimatı olub.
Panel müzakirələr formatında davam edən kursun gündəliyinə beynəlxalq və yerli mütəxəssislər tərəfindən “Məşğulluq xidməti orqanlarına ümumi baxış və əməkdaşlıq, aktiv və passiv əmək bazarı proqramları”, “Azərbaycanın məşğulluq xidməti orqanları tərəfindən icra olunan aktiv əmək bazarı proqramlarına ümumi baxış”, “Gənclərin məşğulluğunun təşviqi üzrə Məşğulluq Xidməti orqanlarının portfeli”, “Məşğulluq Xidməti orqanlarının təlim və təhsil proqramları”, “Gənclərin işə qəbulu üzrə müəssisələrin təşviqi: subsidiyalı məşğulluq”, “Özünüməşğulluğun təşviqi üzrə Azərbaycan təcrübəsi”, “Özünüməşğulluq və gənc sahibkarların dəstəklənməsində Məşğulluq Xidməti orqanlarının rolu”, “Məşğulluq Xidməti orqanlarının həssas əhali qruplarına yönəlmiş proqramları”, “Qeyri-rəsmi məşğulluqdan rəsmi məşğulluğa keçid prosesində məşğulluq xidməti orqanlarının iştirakı” və s. mövzularda təqdimatlar və fəaliyyət planlarının hazırlanması daxildir.
Təlim kursu dörd gün davam edəcək.



Xəbərin mətnində orfoqrafik səhv var