REGİONLAR
Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində tələbə həmkarlar ittifaqlarının üzərinə mühüm vəzifələr düşür VİDEO
Xaçmaz, 6 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarının (ATİAHİ) Respublika Komitəsinin gənclərlə bağlı fəaliyyətinin əsasını gənclərin hüquq və mənafelərinin müdafiəsi, həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi, işəgötürənlər tərəfindən hüquqlarının qorunması, onlara təhlükəsiz və rahat iş şəraitinin yaradılması və sağlam ruhda böyüməsi təşkil edir. Bu məqsədlə hər il spartakiadalar, müsabiqələr, idmanın müxtəlif növləri üzrə yarışlar, intellektual oyunlar təşkil edilir, ehtiyacı olan ittifaq üzvlərinə maddi yardımlar verilir. Tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildən ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay imtahan sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2200 nəfərdən artıq tələbə bu təqaüdə layiq görülüb. Yalnız 2018-ci ilin əvvəlindən indiyə kimi bu məqsədlə 73 min 200 manat vəsait xərclənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə sentyabrın 6-da ATİAHİ-nin Nabranda yerləşən “Təhsil” istirahət mərkəzində təşkil olunan “Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində tələbə həmkarlar ittifaqı komitələrinin vəzifələri: forma və metodlar” mövzusunda konfransda danışılıb.
Konfransa 19 ali təhsil müəssisəsinin 100-dən çox tələbəsi qatılıb.
ATİAHİ-nin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi, layiqli vətəndaşlar kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda dövlət-gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkənin ictimai həyatının bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində də mühüm rol oynayır. Bunun özü Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərir. Məhz dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar bu təbəqəni cəmiyyətdə aparıcı qüvvəyə çevirməkdədir.
Mirzə Cəfərzadə çıxışında qeyd edib ki, ATİAHİ üzv təşkilatlarındakı 379 mindən çox üzvündən 163 min nəfərə yaxınını 29 yaşadək gənclər təşkil edir. İttifaqın tərkibində olan ali məktəb, kollec, peşə məktəbi və liseylərdə 151 min tələbə təhsil alır ki, onlardan da 85 minə yaxını ittifaqın üzvüdür. Bu baxımdan gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində tələbə həmkarlar ittifaqlarının üzərinə mühüm vəzifələr düşür.
ATİAHİ Respublika Komitəsi tərəfindən gənclərlə iş bir neçə istiqamətdə aparılır. Bunlar gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, onlar arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafı, istedadlı gənclərin aşkara çıxarılması və qabiliyyətlərinin inkişafı üçün şəraitin yaradılması, elmə, təhsilə marağın artırılması, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi, hərbi–vətənpərvərlik tərbiyəsi işinin aparılması və digər istiqamətlərdir.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etdiyini deyib. Bildirib ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov çıxışında bildirib ki, Azərbaycan Ordusu həm silahlanmaya, həm də yüksək peşəkarlığa görə güclü ordular sırasındadır. Bu gün ordumuzda olan silah-sursat, texnika, atəş sistemləri, artilleriya qurğuları ən müasir tələblərə cavab verir. Bu, ilk növbədə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində mümkün olub. Əsgərdən tutmuş generaladək Ordumuzun bütün şəxsi heyəti işğal altındakı torpaqlarımızı qısa zamanda azad etməyə hazırdır.
Tədbirdə çıxış edən digər natiqlər də ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, gənclərin üzərinə düşən mühüm vəzifələri qeyd ediblər.