SİYASƏT
Gənclərin özlərini istənilən sahədə təsdiq etmələri üçün ölkəmizdə geniş imkanlar yaradılıb
AZƏRTAC xəbər verir ki, qəbul imtahanlarında qazandıqları uğurlara görə tələbələri təbrik edən Milli Məclis sədrinin müavini onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Qeyd etdi ki, gənclərin əldə etdiyi yüksək göstəricilər böyük nailiyyətdir və onlar öz bilik və bacarıqları ilə ölkəmizin adını ucaltmalıdırlar. Bu gün dövlətin apardığı məqsədyönlü siyasət nəticəsində ölkə gənclərinin özlərini istənilən sahədə təsdiq etmələri üçün geniş imkanlar yaradılıb.
Vitse-spiker ölkə rəhbərliyinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində bu sahənin mütərəqqi prinsiplər əsasında inkişaf etdiyini vurğuladı. Xüsusilə işğal altındakı bölgələrimizi təmsil edən gənclərin biliyə olan həvəsini, vətənpərvər ruhda böyüməsini yüksək dəyərləndirərək bildirdi ki, onlar torpaqlarımızın azad olunması, ölkəmizin haqq səsinin dünyaya çatdırılması uğrunda dövlətin apardığı siyasətə dəstək olmalı, bu istiqamətdə səylərini əsirgəməməlidirlər. Bahar Muradova, həmçinin Milli Məclisin fəaliyyəti, qanunvericilik prosesi, parlamentin funksiyaları barədə görüş iştirakçılarına geniş məlumat verdi.
Sonra Milli Məclis sədrinin müavini yüksək bal toplamış 10 tələbəyə hədiyyələr təqdim etdi. Çıxış edən tələbələr, rayon Təhsil şöbəsinin müdiri Almaz Haşımova və başqaları gənclərə göstərilən diqqət və qayğıya görə ölkə və parlament rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Görüşdə qeyd olundu ki, builki qəbul imtahanlarında Füzulidən 986 abituriyent iştirak edib və onlardan 361-i uğurlu nəticə göstərərək tələbə adını qazanıb.