REGİONLAR


Gənclərin təşəbbüsü ilə Naxçıvanda “Diqqət, piyada!” devizi ilə aksiya keçirilib

Naxçıvan, 23 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və muxtar respublikanın Daxili İşlər Nazirliyi gənclərin təşəbbüsü ilə “Diqqət, piyada!” devizi altında birgə aksiya keçirib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 50-yə yaxın tələbənin qatıldığı yol hərəkətinin təhlükəsizliyi ilə bağlı aksiyadan öncə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun əməkdaşı Fərid Seyidov və nazirliyin əməkdaşları son illərdə nail olunmuş ictimai-siyasi sabitliyin və əmin-amanlığın muxtar respublikada yüksək uğurlar qazanılmasına, insanların həyat şəraitinin xeyli yaxşılaşmasına müsbət təsirindən danışıblar.

Qeyd olunub ki, həyata keçirilən tədbirlər sırasında yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulması xüsusi vurğulanmalıdır. Bunun nəticəsidir ki, paytaxt şəhər Naxçıvandan muxtar respublikanın bütün rayon mərkəzlərinə, kənd yaşayış məntəqələrinə müasir tələblərə cavab verən yollar çəkilib, həmçinin hazırda Culfa-Ordubad magistral yolu yenidən qurulur. Belə tədbirlər avtomobillərin, sərnişin və piyadaların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Vurğulanıb ki, muxtar respublikada şəxsi avtomobillərin sayının gündən-günə artması avtomobil yollarında hərəkətin təhlükəsizliyinə ciddi əməl olunmasını daha da zəruri edib. Bu prosesdə avtomobil sürücüləri ilə yanaşı, piyadaların da üzərinə mühüm vəzifələr düşür.

Diqqətə çatdırılıb ki, aidiyyəti qurumlar tərəfindən yollarda müxtəlif nişanlar qoyulub, piyada keçidləri müəyyənləşdirilib. Yol hərəkəti qaydalarına əməl etmək üçün, ilk növbədə, belə tədbirlərin keçirilməsi diqqətdə saxlanılır. Unutmaq olmaz ki, muxtar respublikada yol hərəkəti mədəniyyətinə əməl olunmasında yaxından iştirak etmək hər kəsin vətəndaşlıq borcudur.

Tədbirdə yolun hərəkət hissəsinin yalnız piyada keçidi vasitəsilə keçilməsi, piyadaların məsuliyyəti, sürücülərin üzərinə düşən vəzifələr və digər məsələlər barədə danışılıb.

Sonra gənclər şəhərin bir sıra prospekt və küçələrində yol hərəkəti qaydalarına əməl olunmasını izləyiblər. Müşahidə zamanı bu qaydalara əməl edən piyadalara minnətdarlıq bildirilib, qaydaları pozanlarla söhbətlər aparılıb, onlara Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış “Yol hərəkəti təhlükəsizliyinə dair piyadalar üçün buklet”lər təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.